Gəncə şəhər Mərkəzi Kitabxanası

Gəncə şəhər MKS
Tədbirlər
24 Aprel , 2018
24.04.2018-ci il tarixdə Gəncə şəhər MKS-nin oxu zalında görkəmli Azərbaycan yazıçısı,alim,ədəbiyyatşünas,filologiya elmləri doktoru,professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi münasibətilə “Bir ziyalı ömrünün manifesti” adı altinda dəyirmi masa təşkil edildi.
Gəncəbasar Yazıçılar Birliyinin sədri Xəzangül xanım Hüseynova dahi yazıçı,ədəbiyyatşünas,professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığınnan bəhs edərək onun necə gözəl,mərhəmətli,ürəyində daima Vətənə,insanlara qarşı sevgisinin olduğunu xüsusi vurğuladı. Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyinin Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutduğunu da Xəzangül xanım tədbir iştirakçılarının diqqətinə çatdırdı.
MKS-nin direktoru Elmira xanım Əliyeva bildirdi ki, bir yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal , elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış "Bir gəncin manifesti" əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırmışdır. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan gözəl, sevilən romanlar, povest və hekayələrlə yanaşı,"Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)" adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.
Mərkəzi kitabxananın şöbə müdiri Vüsalə xanım Hüseynova yazıçının həyatından danışaraq, qeyd etdi ki, Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. Mir Cəlal 10 yaşında olanda, 1918-ci ildə atası vəfat etmiş, o, böyük qardaşının himayəsində yaşayıb.Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə başlasa da, Ulu Tanrının mərhəməti sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə, məqsədinə doğru inadla, inamla irəliləyərək uca zirvələr fəth etmişdir.
MKS-nin direktor müavini Fəridə Qədimova görkəmli alim haqqında bildirdi ki, XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətlər göstərən Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində qeyd olunması, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmin və dəyərin təzahürüdür. İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəri insanlığı heyranlıqla qarşılanır və əsl örnək kimi sevilə-sevilə qəlblərdə özünə ucalıq, əlçatmazlıq heykəli qurur. Bu zirvədəki yerini heç vaxt itirməyəcək və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaq.
Sonda görkəmli, mütəfəkkir alim Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi münasibətilə hazırlanmış video çarx və kitab sərgisi tədbir iştirakçılarına təqdim edildi.